ƏBU ZƏR ĞƏFFARİ

(31/651 ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin ən tanınmış səhabələrindən biri olmuşdur. Əsl adı Cundub ibn Cənəd olmuşdur. O, Məkkə yaxınlığındakı Vəddan bölgəsində yaşamış Ğəffar qəbiləsinə məxsus idi. Bu qəbilənin insanları yollarda soyğunçuluq edirdilər. Bu yollardan keçən qüreyşlilərin karavanları onlara vergi vermək məcburiyyətində qalırdılar. Hələ İslamı qəbul etməzdən əvvəl Əbu Zər Ğəffari ata-babalarının dinindən imtina etmiş, monoteist İbrahimi hənif dininə üstünlük vermişdir. Məkkədə Məhəmməd peyğəmbərin fəaliyyəti haqqında eşidən Əbu Zər birbaşa oraya yollanmış, Əli ibn Əbu Talibin vasitəsi ilə Məhəmməd peyğəmbərlə görüşmüş və İslamı qəbul etmişdir. Bundan sonra qəbiləsinə qayıdan Əbu Zər qəbiləsini də İslamı qəbul etməyə dəvət etmişdir. Sonda onlardan bir-çoxları İslamı qəbul edib müsəlman olmuşdurlar. Qalanlar isə hicrətdən sonra İslamı qəbul etmişdirlər. Mədinədə Əbu Zər Bədr, Uhud, Xəndək və başqa döyüşlərdə iştirak etmişdir. Müsəlmanlar Məkkəni fəth edəndə o, öz qəbiləsinin bayraqdarı olmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra Mədinədən Suriyaya köçüb Əbu Bəkr və Ömərin xəlifəliyi dövrlərində orada yaşamışdır. Əbu Zər mənəviyyata üstünlük vermiş, tərki-dünya həyatı sürmüşdür. Xəlifə Osmanın dövründə Əbu Zər Rəbəzə kəndində yaşamışdır. O, həm də bir çox hədislərin ravisi hesab olunmaqdadır.
ƏBU YUSİF
ƏCƏL